İctimai Müqavilə

İCTİMAİ OFERTA MÜQAVİLƏSİ

(xidmətlərin göstərilməsi üçün)

Bu sənəd Oferent ASYA ROVSHEN Academy Məhdud Məsuliyyətli Cəmiyyəti VÖEN: 1407072661) tərəfindən, hazırkı ictimai oferta Müqaviləsinin şərtləri ilə razılaşan qeyri-məhdud sayda fiziki şəxslərlə (akseptantlara) xidmətlərin göstərilməsi barədə Müqavilənin bağlamaq üçün rəsmi təklif hesab edilir. Bu Müqaviləni bağlamaqla Sifarişçi heç bir qeyd-şərt, istisna və ya məhdudiyyət olmadan bu Müqavilənin şərtlərini tam şəkildə qəbul edir. Hazırkı İctimai Oferta Müqaviləsi Akseptant tərəfindən aksept edildikdən sonra Akseptant Sifarişçi, Oferent isə İcraçı olacaqdır.

1. ƏSAS ANLAYIŞLAR

1.1. Hazırkı Müqavilədə istifadə olunan terminlər və anlayışlar aşağıdakı mənaları daşıyır:

1.1.1. Oferent — ASYA ROVSHEN Academy Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1407072661), öz adından və ya səlahiyyətli şəxsləri vasitəsilə saytın idarə edilməsini həyata keçirən şəxsdir. Ona, saytın, kontentin, informasiya məhsulunun bütün müstəsna əmlak hüquqları, eləcə də saytın domen və subdomen adlarından istifadə hüququ məxsusdur. Oferent hazırkı Oferta aksept edildikdən sonra İcraçı olacaqdır.

1.1.2. Akseptant — hüquq və fəaliyyət qabiliyyətinə malik olan istənilən fiziki şəxsdir; o, bu Təklifdə nəzərdə tutulmuş qaydada və şərtlərdə xidmətləri əldə etmək niyyətini ifadə edir və müvafiq olaraq Təklifi qəbul etmiş hesab edilir. Hazırkı Oferta Akseptant tərəfindən aksept edldikdən sonra Akseptant Sifarişçi olacaqdır.

1.1.3. Sayt — internet şəbəkəsində unikal ünvanda (URL) yerləşən (https://asyarustamli.com) veb-sayt olub, internetdə dərc olunmaq üçün nəzərdə tutulmuş proqram-texniki vasitələrdən və məlumatlardan ibarət olan bir topludur. Sayta bütün internet istifadəçiləri sərbəst daxil ola bilər.

1.1.4. Təklif/Oferta — Saytda yerləşdirilən və qeyri-məhdud sayda şəxslər üçün nəzərdə tutulan xidmətlərin göstərilməsi üzrə təklifləri ehtiva edən sənəddir.

1.1.5. Qəbul/Aksept — ofertada göstərilən hərəkətləri həyata keçirməklə Akseptant tərəfindən təklif olunan şərtlərin tam və qeyd-şərtsiz qəbul edilməsidir. Təklifin qəbulu (aksepti) aşağıdakı hərəkətlərin yerinə yetirilməsini nəzərdə tutur: a) Akseptantın Təklifin şərtləri ilə tanış olması; b) saytda qeydiyyat formasını doldurması; Oferentin xidmətlərinin dəyərinin tam və ya qismən ödənməsi. Ofertanın aksepti Oferta Müqaviləsi yaradır.

1.1.6. Qeydiyyat forması — Akseptantın xidmətləri əldə etmək məqsədilə İcraçının saytında doldurduğu formadır.

1.1.7. Xidmətlər/Məhsul — İcraçının göstərdiyi xidmətlər toplusu olub, sifarişçinin seçdiyi və ödənişini etdiyi tarif əsasında, onun seçib ödənişini etdiyi məhsula (xidmətə) ödənişli əsaslarla girişin təmin edilməsinə və tarifdə nəzərdə tutulan müddət və həcmdə əlaqənin təqdim olunmasına yönəlmişdir.

1.1.8. Tarif — İcraçı tərəfindən xidmətlərin göstərilməsi üçün müəyyən olunmuş dəyərdir, bu barədə məlumat saytda müvafiq bölmədə yerləşdirilir.

1.1.9. Platforma — EHM (elektron hesablama maşını) üçün proqram olub, interaktiv rejimdə xidmətlərin satışını avtomatlaşdıran sistemdir.

1.1.10. Şəxsi kabinet — Sifarişçinin platformada yerləşən fərdi bölməsidir; bu bölmə vasitəsilə Sifarişçi xidmətlərin göstərilməsi üçün lazım olan funksionallıqdan istifadə edə bilər.

1.1.11. Vebinar — real vaxt rejimində yayımlanan onlayn dərsdir. Vebinara qoşulmaq üçün Sifarişçi şəxsi kabinetdə və ya Telegram platformasının müvafiq səhifəsində göstərilən tarix və saatda müvafiq keçid vasitəsilə İcraçının platformasına daxil olur. Sifarişçi vebinarda interaktiv şəkildə iştirak edə, eləcə də vebinar formatına uyğun olduğu halda, real vaxt rejimində çat vasitəsilə İcraçıya suallar ünvanlaya bilər.

1.1.12. Onlayn-kurs (bundan sonra - kurs) — məsafədən onlayn təhsil formatında təqdim olunan və eyni mövzu ətrafında birləşdirilmiş bir və ya bir neçə praktiki məşğələdən ibarət tədris kursudur. Kurs proqram təminatı vasitəsilə təqdim edilir və təlimatlar, videolar, fotolar, tədris video-dərsləri, metodiki materiallar və tapşırıqlar şəklində təşkil olunur.

1.1.13. Kontent və materiallar — İcraçının əqli mülkiyyət obyektlərini təşkil edən mətnlər, təsvirlər, rəsmlər, fotolar, qrafiklər, videolar, proqramlar və səslərdən ibarət olub, saytın və/və ya kursun tərkibini təşkil edir və ya saytda və ya platformanın məhdud girişli bölməsində yerləşdirilir. Həmçinin, Sifarişçilərə elektron poçt vasitəsilə göndərilən informasiya materiallarının toplusunu da əhatə edir.

1.1.14. Rəy — xidmətlərin göstərilməsi prosesində, Sifarişçinin praktiki təcrübə qazanmasına yönəlmiş, yerinə yetirilmiş ev tapşırıqlarına dair icraçı tərəfindən sifarişçiyə verilən rəy. Yalnız müəyyən edilmiş tarifin şərtlərinə uyğun olaraq təqdim edilir. Rəy, platformanın funksionallığı və ya dəstək çatı vasitəsilə təqdim olunur.

1.1.15. Şəxsi məlumatlar — Sifarişçiyə (şəxsi məlumatların subyektinə) birbaşa və ya dolayısı ilə aid edilən istənilən məlumatdır; bu məlumatlar Sifarişçi tərəfindən saytda formaların doldurulması və xidmətlərin ödənişi zamanı könüllü olaraq təqdim edilir. Şəxsi məlumatlara aşağıdakılar aid edilə bilər: ad, e-mail, Whatsapp nömrəsi, İnstagram səhifəsi. Məlumatlar İcraçının məlumat bazasında saxlanılır və üçüncü şəxslərin icazəsiz müdaxilələrindən etibarlı şəkildə qoruyan xidmətlər və proqramlar vasitəsilə mühafizə olunur.

1.2. Bu Təklifdə qeyd edilməyən hər hansı terminlərdən istifadə edildiyi halda, onlar qüvvədə olan qanunvericiliyə və internet mühitində formalaşmış işgüzar dövriyyə adətlərinə uyğun olaraq tətbiq edilir və şərh olunur.

2. MÜQAVİLƏNİN PREDMETİ

2.1. Hazırkı Müqavilə üzrə Sifarişçiyə ödənişli əsaslarla tədris xarakterli aşağıdakı xidmətlər göstərilir:

2.1.1. Təlim xidmətlərinin göstərilməsi;

2.1.2. Vebinarların, müvafiq tarifdə nəzərdə tutulmuş müddətdə və həcmdə keçirilməsi;

2.1.3. Sifarişçinin seçdiyi və ödənişini etdiyi tarif əsasında, seçilmiş və ödənişi edilmiş məhsula (xidmətə) girişin ödənişli əsaslarla təqdim edilməsi;

2.1.4. Seçilmiş və ödənişi edilmiş tarifdə göstərilən qaydada və müddətdə rəy təqdim edilməsi.

2.2. Məhsulların siyahısı, onların dəyəri və məzmunu İcraçının saytında həmin məhsulun satışına dair müvafiq səhifədə dərc edilir.

2.3. Müqavilə Xidmətlərin göstərilməsi zamanı İcraçı və Sifarişçi arasında yaranan öhdəlik münasibətlərin ümumi şərtlərini müəyyənləşdirir.

2.4. Bu Müqavilə üzrə xidmətlər Sifarişçiyə yalnız məlumatların təqdim edilməsi, İcraçı tərəfindən ötürülmüş biliklərin və materialların mənimsənilməsinə yardım edilməsinə yönəlmişdir.

2.5. Müqavilə üzrə xidmətlər İcraçının özü və/və ya onun cəlb etdiyi üçüncü şəxslər (kuratorlar) vasitəsilə, İcraçının seçiminə uyğun olaraq təqdim edilə bilər.

3. MÜQAVİLƏNİN BAĞLANDIĞI AN VƏ MÜQAVİLƏNİN HÜQUQİ QÜVVƏSİNİN MÜDDƏTİ

3.1. İcraçı bildirir ki, saytda qeydiyyat formasının doldurulması və sayta\şirkət hesabına xidmətlər üzrə ödənişinin həyata keçirilməsi hazırkı Müqavilənin tam, qeyd-şərtsiz və istisnasız qəbul edilməsi hesab olunur. Buna görə də, Sifarişçiyə saytda (https://asyarustamli.com , bundan sonra - sayt) yerləşdirilmiş bu Müqavilənin (o cümlədən, zamanla edilən düzəlişlər) mətnini diqqətlə oxuması tövsiyə olunur və şərtlərlə razılaşmadığı təqdirdə Sifarişçi müqaviləni qəbul etməməlidir.

3.2. Sifarişçi tərəfindən Müqavilənin 3.1-ci bəndində göstərilən hərəkətlərin həyata keçirildiyi andan etibarən, Sifarişçi ilə İcraçı arasında Müqavilə bağlanmış hesab edilir. Bu Müqavilənin şərtləri Sifarişçinin Sayt vasitəsilə bağladığı bütün sonrakı Müqavilələrə tətbiq edilir

3.3. Müqavilə şərtlərinin qəbul edilməsi o deməkdir ki, Sifarişçi xidmətlərin göstərilməsi və ödənişin şərtləri, həmçinin bu prosesin qaydaları ilə tanış olub və onlarla razılaşır. Eyni zamanda, o, Müqavilədə nəzərdə tutulan Xidmətlərin Sifarişçi tərəfindən məcburi qaydada təqdim olunmadığını təsdiqləyir. Bundan əlavə, Müqavilə şərtlərinin qəbul edilməsi onu da bildirir ki, Sifarişçi fəaliyyət qabiliyyətinə malik şəxsdir, öz hərəkətlərinin mahiyyətini anlayır və onlara sərbəst rəhbərlik edə bilir, yanılma, aldatma, zor tətbiqi və ya təhdid təsiri altında deyil və İcraçı tərəfindən xidmətlərin ödənişi üçün təklif olunmuş ödəniş sistemini tam yararlı hesab edir.

3.4. İcraçı Sifarişçi ilə əvvəlcədən razılaşdırmadan, hazırkı Müqavilənin şərtlərini birtərəfli qaydada dəyişdirmək və bu Müqaviləyə birtərəfli Əlavələr etmək hüququnu özündə saxlayır. Dəyişikliklər, Müqavilənin yeni redaksiyası dərc edildikdən 5 (beş) təqvim günü sonra qüvvəyə minir. Bu səbəbdən, İcraçı Sifarişçiyə bu Müqavilənin şərtlərində edilən dəyişikliklərə və/və ya əlavələrə dair məlumatları mütəmadi olaraq yoxlamağı tövsiyə edir. Müqavilənin qüvvədə olan redaksiyası daimi olaraq saytda yerləşdirilir.

3.5. Sifarişçi razılaşır ki, hazırkı Müqaviləyə edilən dəyişikliklər və əlavələr, daha əvvəl təklifin qəbul edilməsi yolu ilə bağlanmış Müqaviləyə də şamil olunur və həmin dəyişikliklər və əlavələr nəzərə alınmaqla müqavilənin qüvvədə qalmasını təmin edir.

3.6. Bu Müqavilənin iki tərəfli imzalanması tələb olunmur, Sifarişçinin təklifi elektron formada qəbul etdiyi andan bağlanmış hesab edilir və hüquqi qüvvəyə malikdir.

3.7. Müqavilənin şərtlərini qəbul etməklə, Sifarişçi onlarla tanış olduğunu, tam və qeyd-şərtsiz razılaşdığını və Təklifin mətnində göstərilən bütün şərtləri qəbul etdiyini təsdiq edir.

3.8. Sifarişçinin hər bir xidmət üzrə müraciəti müstəqil Müqavilə hesab olunur. Bu Müqavilələr Sifarişçinin müraciət etdiyi tarixdə Saytda aktiv olan və ödənişi mümkün olan xidmətlər üçün qüvvəyə minir.

3.9. Sifarişçinin hər bir xidmət üzrə müraciəti müstəqil Müqavilə hesab olunur. Bu Müqavilələr Sifarişçinin müraciət etdiyi tarixdə Saytda aktiv olan və ödənişi mümkün olan xidmətlər üçün qüvvəyə minir.

3.10. Müqavilə Müqaviləyə və Qanunvericiliyə uyğun olaraq, ləğv ediləcəyi vaxta qədər qeyri-müəyyən müddət ərzində qüvvədə qalır.

3.11. Müqavilə Tərəflər arasında onun predmetinə dair razılaşdırılmış bütün şərtlərdən ibarətdir, Tərəflər arasında birbaşa fərqli şəkildə razılaşdırılmadığı təqdirdə, Tərəflər arasında onun predmetinə dair bütün əvvəlki sözləşmələri, zəmanətləri və istənilən növ razılaşmaları əvəz edir.

3.12. Ofertanın qüvvədə olma müddəti məhdudiyyətsizdir.

4. TƏRƏFLƏRİN HÜQUQ VƏ ÖHDƏLİKLƏRİ

4.1. İcraçının aşağıdakı hüquqları var:

4.1.1. Sifarişçidən bu Müqavilə və ona edilmiş Əlavələr ilə müəyyən edilmiş qaydada, müddətdə və məbləğdə ödənişin həyata keçirilməsini tələb etmək;

4.1.2. Qeydiyyat formasını doldurarkən Sifarişçinin təqdim etdiyi elektron poçt ünvanı və əlaqə telefon nömrəsi daxil olmaqla məlumatlardan istifadə edərək ona informasiya vermək;

4.1.3. Xidmətləri göstərmə üsullarını və metodlarını Sifarişçi ilə əvvəlcədən razılaşdırmadan müstəqil şəkildə müəyyən etmək və dəyişdirmək;

4.1.4. Seçilmiş tarifin şərtləri barədə əvvəlcədən Sifarişçiyə bildiriş göndərməklə, məhsulların proqramını, məzmununu və müddətini birtərəfli qaydada dəyişmək. Sifarişçiyə bildirişin çatdırılmaması Sifarişçinin təqsiri olmadan baş verdikdə (abunəçinin əlçatmaz olması, mobil operatorun işində nasazlıq və s.), İcraçı bununla bağlı yaranan hər hansı mənfi nəticələrə görə məsuliyyət daşımır.

4.1.5. Tarifin şərtləri əsasında Sifarişçinin xidmətlərə girişini məhdudlaşdırmaq.

4.1.6. Əgər obyektiv səbəblərdən (qəza, elektrik təchizatında nasazlıq, kurs/proqramın bağlanması və s.) xidmətlərin göstərilməsi mümkün deyilsə, Sifarişçiyə ödənilmiş məbləğin qaytarılması və ya əvəzetmə/alternativ təklif edilməklə, bu təklifi birtərəfli qaydada ləğv etmək.

4.1.7. Sifarişçiyə reklam və məlumat xarakterli mesajlar göndərmək. Sifarişçi İcraçıdan bildiriş almaq istəmirsə, göndərilən hər bir məktubda olan xüsusi keçid vasitəsilə ondan imtina edə bilər.

4.1.8. Hər hansı səbəb göstərmədən, birtərəfli qaydada xidmətlərin göstərilməsindən imtina etmək və ya onları dayandırmaq, eləcə də hazırkı Təklifin şərtlərini pozan Sifarişçinin sayta girişini məhdudlaşdırmaq;

4.1.9. Öz mülahizəsinə əsasən, istənilən vaxt saytdan və platformadan istifadə qaydalarını dəyişmək, habelə saytın və platformanın məzmununu, funksionallığını və istifadəçi interfeysini dəyişmək və ya yeniləmək. Dəyişikliklər, Müqavilənin yeni redaksiyası saytda dərc edildiyi andan qüvvəyə minir;

4.1.10. Sayt və platforma üzrə planlı profilaktik və təmir işləri aparmaq üçün, həmçinin qəza hallarının aradan qaldırılması ilə bağlı zəruri olan zəruri tədbirlər görmək məqsədilə saytın və platformanın fəaliyyətini müvəqqəti dayandırmaq;

4.1.11. Əgər rabitə və məlumat ötürmə kanallarından istifadə mümkün deyilsə (və bu, İcraçının nəzarətində deyilsə), həmçinin üçüncü şəxslərin hərəkətləri və ya hərəkətsizliyi səbəbindən (o cümlədən qəza halları ilə bağlı məhdudiyyətlər nəticəsində) saytın və ya platformanın işi dayanarsa, İcraçı bu vəziyyətə görə Sifarişçi qarşısında heç bir məsuliyyət daşımır.Bundan əlavə, İcraçı Sifarişçinin çəkdiyi zərər və ya itirilmiş mənfəəti (o cümlədən Sifarişçinin və ya üçüncü şəxslərin şəxsi məlumatlarının açıqlanması, itirilməsi və ya oğurlanması ilə bağlı zərərləri, həmçinin göstərilən səbəblərə görə saytdan tam istifadə edə bilməmək nəticəsində yaranan xərcləri) kompensasiya etmir;

4.1.12. Göstərilən xidmətlərin keyfiyyətinin pozulmasının qarşısını almaq və bu cür pozuntuları tənzimləmək üçün vaxtında zəruri tədbirlər görmək;

4.1.13. Sifarişçi tərəfindən Müqavilənin icrası ilə bağlı subyektiv məsələlərdən irəli gələn və ya əhəmiyyətsiz olan narazılıqları nəzərə almamaq.

4.2. İcraçının aşağıdakı vəzifələri vardır:

4.2.1. Xidmətlərlə əlaqədar məlumatları Saytda/Platformada yerləşdirmək;

4.2.2. Xidmətlərin dəyəri artıq məbləğdə İcraçının hesabına daxil olduqdan sonra qalıq məbləği Sifarişçiyə təqdim etmək:

4.2.3. Sifarişçinin seçdiyi və ödənişini etdiyi tarifdə göstərilən şərtlər əsasında və müddətdə platformada yerləşdirilmiş müvafiq məhsulun materiallarına giriş imkanının təmin edilməsi;

4.2.4. Seçilmiş və ödənişi edilmiş tarifin şərtlərinə uyğun olaraq Sifarişçiyə məhsul üzrə rəy təqdim edilməsi;

4.2.5. Mübahisəli vəziyyət yarandıqda, Sifarişçinin İcraçının dəstək xidmətinə müraciəti əsasında yazışma yolu ilə bu vəziyyətləri həll etmək;

4.2.6. Qüvvədə olan qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla, Sifarişçinin şəxsi məlumatlarını yaymamaq;

4.2.7. Sifarişçinin şəxsi məlumatlarının emalı, ötürülməsi və qorunması ilə bağlı qanunvericiliyin tələblərinə riayət etmək. Şəxsi məlumatların məxfiliyini pozma hesab edilmir: İcraçı öz öhdəliklərini icra etmək üçün agentlər, müqavilə tərəfləri və üçüncü şəxslərə (İcraçı ilə bağlanmış müqavilə əsasında fəaliyyət göstərənlərə) müvafiq məlumatları təqdim etsin. Əlavə olaraq qeyd edilməlidir ki, tarif çatlarında müştərilərin (Sifarişçilərin) öz aralarında açıq şəkildə paylaşdığı hər hansı şəxsi məlumat və ya materiallara görə İcraçı heç bir məsuliyyət daşımır. Habelə, müştərilər arasında açıq formada keçirilən açıq sessiyalar\danışıqlar vaxtı qrupa sifarişçi tərəfindən açıq şəkildə birbaşa təqdim edilən məlumatlar qruplar arasında paylaşıla bilər və bunlar şəxsi məlumat xarakteri daşımır.

4.2.8. Müqavilə müddəti ərzində sifarişçiyə texniki və informasiya dəstəyi göstərmək;

4.2.9. Saytın və platformanın dayanıqlı fəaliyyətini təmin etmək, onları tədricən təkmilləşdirmək və işində yaranan səhvləri aradan qaldırmaq üçün bütün ağlabatan səyləri göstərmək; bununla yanaşı, sayt və platforma “olduğu kimi” prinsipi əsasında təqdim edilir.

4.3. Sifarişçinin aşağıdakı hüquqları var:

4.3.1. Seçilmiş və ödənişi edilmiş tarifin həcmi çərçivəsində xidmətlərdən istifadə etmək;

4.3.2. Sayt və platformada texniki problemlər yaranacağı, habelə icazəsiz reklam göndərişləri (spam) və ya hədə/virus şübhəli məlumatlar alacağı halda, xidmətlərin göstərilməsi ilə bağlı bütün məsələlərlə əlaqədar İcraçıya müraciət etmək;

4.3.3. İcraçının təklif etdiyi məsləhət və tövsiyələrdən istifadə edib-etməməyi müstəqil olaraq qərarlaşdırmaq.

4.4. Sifarişçinin aşağıdakı öhdəlikləri var:

4.4.1. Ofertanın qəbulundan əvvəl saytda xidmətlər, məhsul, tariflər və xidmətlərin təqdim edilməsi şərtləri barədə məlumatları diqqətlə öyrənmək;

4.4.2. Ödənişi həyata keçirdiyi anda qüvvədə olan tariflərə uyğun olaraq İcraçının xidmətlərinin dəyərini ödəmək;

4.4.3. Sifarişçi qeydiyyat formasını doldurmaqla razılaşır ki, onun təqdim etdiyi bütün məlumatlar dəqiq, həqiqi, aktual və tamdır. Verilən məlumatların aktuallığını qorumaq, İcraçının tələbi əsasında əlavə zəruri materialları və məlumatları təqdim etmək.

4.4.4. Öz şəxsi məlumatlarını təqdim etmək və İcraçıya həmin məlumatların avtomatlaşdırılmış və avtomatlaşdırılmamış qaydada emalına — yığılması, sistemləşdirilməsi, toplanması, saxlanması, dəqiqləşdirilməsi və silinməsi üçün razılıq vermək. Bu emal İcraçının materiallarını göndərməsi məqsədilə həyata keçirilir.

4.4.5. Kommersiya və ya qeyri-kommersiya məqsədləri ilə İcraçı tərəfindən Sifarişçiyə təqdim edilən informasiya və materialları (nəşr etməmək, internet saytlarında yerləşdirməmək, kopyalamamaq, üçüncü şəxslərə ötürməmək və yenidən satmamaq) yaymamaq və ya yazılı formada çoxaltmamaq; bu məlumatlar əsasında kommersiya mənfəəti götürmək üçün yeni informasiya məhsulları yaratmamaq, habelə ondan şəxsi istifadədən kənar hər hansı başqa məqsədlərlə yararlanmamaq;

4.4.6. Bu Müqavilə üzrə öz hüquqlarını icraçının yazılı razılığı olmadan hər hansı üçüncü şəxsə verməmək;

4.4.7. Sayt və İcraçının platformasında yerləşdirilmiş materiallardan yalnız bu Müqavilənin verdiyi səlahiyyətlər çərçivəsində və ya həmin materialların təyinatına uyğun funksionallıqda istifadə etmək;

4.4.8. Öz hərəkətləri ilə İcraçının işgüzar nüfuzuna xələl gətirməmək;

4.4.9. Əlaqə məlumatları və digər vacib məlumatlarda dəyişiklik olduğu halda, bu barədə İcraçını dərhal yazılı formada məlumatlandırmaq;

4.4.10. Saytda tariflərin, hazırkı təklifin və ya bağlanmış Xidmət Müqaviləsinin şərtlərindəki dəyişikliklərlə əlaqədar məlumatları müstəqil və vaxtında izləmək.

4.4.11. Elektron poçt ünvanının və/və ya əlaqə telefon nömrəsinin normal fəaliyyətdə və əlçatan olmasını təmin etmək (telefon nömrəsinin balansını vaxtında artırmaq, mobil cihazın zəng qəbul edə biləcəyini yoxlamaq və s.). Əgər telefon nömrəsinin və/və ya elektron poçt ünvanının işlək vəziyyətə qaytarılması və əlçatan olması mümkün deyilsə, bu barədə İcraçını dərhal yazılı məlumatlandırmaq;

4.4.12. Tərəflərin öz öhdəliklərinin icrasına təsir edə biləcək bütün hallarla bağlı İcraçıya dərhal yazılı məlumat vermək.

5. MÜQAVİLƏNİN QİYMƏTİ

5.1. İcraçı tərəfindən göstərilən xidmətlərin qiyməti, Sifarişçinin seçdiyi məhsul və ödənişini etdiyi tarif əsasında müəyyən edilir. Qiymətlər ödəniş tarixinə uyğun olaraq hesablanır və bu barədə məlumat İcraçının saytındakı müvafiq bölmədə yerləşdirilir.

5.2. İcraçı təqdim etdiyi xidmətlərin dəyərini istənilən vaxt dəyişdirmək hüququna malikdir. Bu barədə edilən dəyişikliklər saytda dərc olunur və dərc edildiyi andan etibarən qüvvəyə minir. Bununla belə Sifarişçinin artıq ödəmiş olduğu xidmətlərin dəyəri dəyişdirilmir və nə artırılma, nə də azaldılma istiqamətində yenidən hesablanmaya məruz qalmır.

5.3. İcraçı xüsusi qiymətlər (endirimlər) tətbiq etməklə aksiyalar keçirmək hüququna malikdir. Təklifin şərtlərini endirimlər tətbiq edilməzdən əvvəl qəbul etmiş Sifarişçi Müqavilənin şərtlərinin dəyişdirilməsini və ödəniş etdiyi məbləğlə xüsusi təklifin qiyməti arasındakı fərqin qaytarılmasını tələb edə bilməz.

5.4. Bu Müqavilənin şərtlərinin Sifarişçi tərəfindən əhəmiyyətli dərəcədə pozulması səbəbindən İcraçı Müqavilənin icrasından imtina etdikdə, ödənilmiş vəsait geri qaytarılmır, çünki Sifarişçinin ödəmiş olduğu məbləğ, xidmətlərin göstərilməsinin təşkili ilə bağlı İcraçının faktiki xərclərini və eyni zamanda Müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozduğuna görə Sifarişçiyə tətbiq edilən cərimə məbləğini ehtiva edir. Müqavilə İcraçı tərəfindən elektron poçt vasitəsilə Sifarişçiyə göndərilən bildiriş və məhsulun materiallarına girişin bağlandığı andan etibarən ləğv edilmiş hesab olunur.

Qeyd: İcraçının təqdim etdiyi xidmətə münasibətdə müəlliflik hüquqlarının qanunvericiliyinə zidd şəkildə pozulması, Sifarişçi tərəfindən hazırkı Müqavilənin 4.4.5–4.4.8-ci maddələrinin tələblərinin pozulması, xidmətlərin əldə edilməsi prosesində davranış qaydalarının pozulması, yəni reklam yerləşdirilməsi, qeyri-senzur ifadələrin işlədilməsi, kobudluq, İcraçıya və/və ya onun səlahiyyətli şəxslərinə etimadsızlıq çağırışları və ya təhqir edilməsi kimi hərəkətlər Sifarişçinin Müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozması hesab edilir.

6. ÖDƏNİŞ PROSESİ

6.1. Sifarişçi Ofertanı qəbul etməklə, ödəniş məbləği və ödəniş prosedurunun ona məlum olduğunu və onlarla tam razılaşdığını təsdiq edir.

6.2. Ödənişin məbləği İcraçı tərəfindən Saytda xidmətlərə müvafiq olaraq tariflər əsasında elektron formada göndərilən hesab-fakturada müəyyən edilir və Sifarişçi tərəfindən İcraçının cari bank hesabına nağdsız formada ödənilir.

6.3. Xidmətlərin ödənişi Sifarişçinin seçiminə uyğun olaraq aşağıdakı üsullarla həyata keçirilir:

6.3.1. Seçilmiş tarif üzrə xidmətlərin dəyərinin 100% məbləğində öncədən ödəniş edilməsi (Visa, MasterCard, Maestro sistemləri vasitəsilə, bank kartı ilə).

6.3.2. İcraçının partnyor bankı tərəfindən Sifarişçiyə təqdim edilən hissə-hissə ödəniş vasitəsilə. Hissə-hissə ödəniş, bank-partnyorun müəyyən etdiyi şərtlər əsasında təqdim edilir.

Epoint platforması vasitəsilə ödənişin həyata keçirilməsi. Epoint vasitəsilə ödəniş zamanı Sifarişçinin göstərdiyi bank kartından avtomatik olaraq müvafiq məbləğ çıxılır. Epoint platformasında həyata keçirilən bütün ödənişlər təhlükəsizlik və məxfilik qaydalarına uyğun olaraq qorunur. Epoint vasitəsilə ödəniş edildikdə ödənişin tarixi olaraq vəsaitin Epoint tərəfindən İcraçının bank hesabına köçürüldüyü gün qəbul edilir. Sifarişçi, Epoint vasitəsilə ödənişi həyata keçirməklə, ödəniş məbləği və proseduru ilə tanış olduğunu və onlarla tam razılaşdığını təsdiq edir;

6.3.3. İcraçının biznes hesabına aid olan kartlara Card-to-Card köçürmələri vasitəsilə. Bu zaman vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) barədə müvafiq məlumat Sifarişçiyə təqdim edilir və İcraçının biznes kartına vəsaitin daxil olması təmin edilir.

6.4. İcraçı, hissə-hissə ödəniş şərtlərinə və ya bank-partnyorun Sifarişçiyə hissə-hissə ödənişdən imtina etməsinə görə məsuliyyət daşımır. Müqavilə hər hansı əsasla ləğv olunduqda, Sifarişçi ödənilmiş vəsaitin geri qaytarılmasını bank-partnyorla müstəqil şəkildə tənzimləyir. Bank-partnyor və Sifarişçi arasında hissə-hissə ödənişlə bağlı mübahisələrin həllinə görə İcraçı məsuliyyət daşımır.

6.5. Xidmətlərin sifarişi bütünlüklə yalnız bir ödəmə üsulu ilə ödənməlidir. Bir Sifarişin eyni vaxtda müxtəlif üsullarla ödənilməsi yolverilməzdir.

6.6. Ödəniş tarixi kimi vəsaitin İcraçının hesabına daxil olduğu gün qəbul edilir.

6.7. İcraçı tərəfindən tərtib edilmiş ödəniş sənədlərində, hesab-fakturalarda və digər sənədlərdəki ad, poçt ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), əlaqə məlumatları və digər məlumatlar İstifadəçinin Şəxsi kabinetində göstərilən rekvizitlərə uyğun olaraq qeyd edilir. Sifarişçinin rekvizitləri dəyişdirilərsə, Sifarişçi dərhal öz Şəxsi kabinetində müvafiq dəyişikliklər etməlidir.

7. XİDMƏTLƏRİN GÖSTƏRİLMƏSİ PROSESİ

7.1. Sifarişçi İcraçının təqdim etdiyi xidmətlərdən yararlanmaq üçün öncə xidmətlər və onlara girişin təmin edilməsi şərtləri barədə müstəqil şəkildə məlumatlandırılır. Bu məlumatlar İcraçının saytında müvafiq bölmədə yerləşdirilir.

7.2. Xidmətin seçilməsi üçün Sifarişçi müvafiq düyməni sıxaraq məhsulu (xidməti) seçir və avtomatik olaraq qeydiyyat formasına yönləndirilir. Qeydiyyat formasında Sifarişçi aşağıdakı məlumatları təqdim edir:

7.2.1. Ad və soyad;

7.2.2. Əlaqə telefon nömrəsi;

7.2.3. Elektron poçt ünvanı;

7.2.4. Üstünlük verdiyi əlaqə üsulu (e-poçt, zəng, mesencerlərdə yazışma).

7.3. Sifarişçi xidmətlərin ödənişini qeydiyyat formasında “Ödəniş et” düyməsini sıxmaqla həyata keçirir. Ödəniş müxtəlif ödəniş vasitələri (Visa, MasterCard, Maestro və s.) ilə edilə bilər.

7.4. Ödəniş məbləği İcraçının hesabına köçürüldükdən sonrakı 24 saat ərzində Sifarişçinin qeydiyyat formasında göstərdiyi elektron poçt ünvanına platformadakı şəxsi kabinetə giriş məlumatları göndərilir.

7.5. Əgər təsdiq məktubu Sifarişçinin elektron poçt ünvanına çatmayıbsa, Sifarişçi bu barədə İcraçının texniki dəstək xidmətinə yazılı şəkildə müraciət etməlidir. Texniki dəstək xidməti müraciəti 48 saat ərzində araşdırıb cavablandırır.

7.6. Ödəniş Sifarişçinin hesabından silindikdən sonra, İcraçı Sifarişçinin qeydiyyat formasında göstərdiyi elektron poçt ünvanına sifarişin təsdiqini və xidmətə giriş barədə məlumatı göndərir. Bu təsdiq mesajı xidmətdən istifadə etmək üçün zəruri olan bütün məlumatları əhatə edir.

7.7. Sifarişçi ödəniş edərək platformada xidmətlərə giriş əldə etdikdən sonra, İcraçı həmin seçilmiş və ödənilmiş tarifə uyğun olaraq xidmətləri göstərməyi öhdəsinə götürür. Xidmətlər göstərilən tarifin şərtlərinə uyğun şəkildə təqdim edilir.

7.8. Sifarişçi şəxsi kabinetə giriş məlumatlarının məxfiliyini qorumağı və üçüncü şəxslərə ötürməməyi öhdəsinə götürür. Sifarişçinin şəxsi kabinetdən qanunsuz istifadə hallarına görə İcraçı məsuliyyət daşımır.

7.9. İcraçı, texniki səbəblər və ya təkmilləşdirmələr ilə əlaqədar olaraq platformanın fəaliyyətində qısamüddətli fasilələrin yarana biləcəyini əvvəlcədən xəbərdar etmək şərtilə bildirmək hüququna malikdir.

8. XİDMƏTLƏRİN GÖSTƏRİLMƏSİ VƏ ÖDƏNİŞLƏRİN GERİ QAYTARILMASI QAYDALARI

8.1. Xidmətlərin göstərilməsi zamanı “təhvil-təslim aktı” tərtib edilmir və imzalanmır.

8.2. Onlayn-kurslar formatında təqdim edilən xidmətlər Sifarişçiyə xidmət üzrə materiallara giriş təqdim edildiyi andan lazımi keyfiyyətdə və vaxtında göstərilmiş və Sifarişçi tərəfindən qəbul edilmiş hesab olunur. Əgər məhsula giriş təqdim edildiyi andan etibarən Sifarişçi göstərilən xidmətlərin keyfiyyəti və ya həcmi ilə bağlı əsaslandırılmış etirazını yazılı şəkildə və ya icraçının elektron poçt ünvanına göndərməklə bildirməzsə, xidmətlər qəbul edilmiş sayılır. Şikayət bildirilmədikdən sonra xidmətlərin çatışmazlıqları ilə bağlı (o cümlədən miqdar/həcm, dəyər və keyfiyyət üzrə) Sifarişçinin tələblərinə baxılmır.

8.3. Vebinar formatında olan xidmətlər Sifarişçiyə vebinara giriş təqdim edildiyi andan lazımi keyfiyyətdə və vaxtında göstərilmiş və Sifarişçi tərəfindən qəbul edilmiş hesab olunur. Əgər vebinara giriş təqdim edildiyi andan Sifarişçi göstərilən xidmətlərin keyfiyyəti və həcmi ilə bağlı əsaslandırılmış etirazını yazılı şəkildə və ya icraçının elektron poçt ünvanına göndərməzsə, xidmətlər qəbul edilmiş sayılır. Vebinar başa çatdıqdan sonra xidmətlərin çatışmazlıqları ilə bağlı (o cümlədən miqdar/həcm, dəyər və keyfiyyət üzrə) Sifarişçinin tələblərinə baxılmır.

QEYD: Onlayn-kurslar formatında təqdim edilən xidmətlər və vebinar formatında olan xidmətlər barədə Sifarişçinin fərdi (subyektiv) səbəblərə əsaslanan etirazları, o cümlədən kursun və ya vebinarın məzmununun gözləntilərinə uyğun olmaması, təqdimetmə tərzi və tədris metodikası ilə bağlı etirazlar nəzərə alınmır və araşdırılmır.

8.4. Xidmətlərin göstərilməsinə başlanılmamışdan əvvəl Sifarişçinin ödədiyi məbləğin 100%-i (pul köçürmə komissiyası çıxılmaqla) geri qaytarıla bilər. Bron ödənişi Sifarişçinin xidmətlərdə iştirakını təmin etmək üçün həyata keçirilən və geri qaytarılmayan ödənişdir. Sifarişçi bron ödənişi etdiyi, lakin xidmətin icrasına başlanılmadan xidmətdən imtina etdikdə ödənilən bron ödənişi geri qaytarılmır. Xidmətin icrasına başlanıldıqdan sonra fors-major hallar (yanğın, daşqın, zəlzələ, qasırğa, pandemiya və digər təbii fəlakətlər, hərbi və mülki münaqişələr, terror aktları, dövlət orqanlarının qərarları və hərəkətləri) istisna olmaqla ödənişin geri qaytarılması mümkün deyil.

8.5. Geri qaytarılmalı məbləğ aşağıdakı dürsturla hesablanır: Z = X – Y × N2

Z – geri qaytarılacaq məbləğ;

X – məhsulun ümumi dəyəri;

Y – bir onlayn-dərsin dəyəri;

N2 - sifarişçinin artıq əldə etdiyi onlayn dərslərin sayı.

8.6. Digər dərs paketi endirimlə alınıbsa, geri qaytarma zamanı dərslərin baza dəyəri (endirimsiz qiyməti) əsas götürülmür.

8.7. Bütün geri qaytarma əməliyyatları Sifarişçi tərəfindən imzalanmış və vəsaitlərin geri qaytarılmasını xahiş edən ərizənin İcraçıya göndərilməsi əsasında həyata keçirilir. Ərizə skan edilmiş formada icraçının elektron poçt ünvanına göndərilməlidir.

8.8. Geri qaytarma və ya ondan imtina barədə qərar, icraçı tərəfindən ərizə daxil olduğu tarixdən etibarən 7 (yeddi) təqvim günü ərzində qəbul edilir.

8.9. Geri qaytarılmalı məbləğ, geri qaytarma barədə qərar qəbul edildikdən sonra 10 (on) təqvim günü ərzində Sifarişçinin ərizədə göstərdiyi bank hesabına köçürmə yolu ilə qaytarılır.

8.10. Sifarişçi ödənişi həyata keçirdiyi şəxsi hesabının rekvizitlərini İcraçıya təqdim etməlidir. Sifarişçi razılaşır ki, ödəniş servisləri, aqreqatorlar və/və ya ödəniş provayderləri tərəfindən köçürmə üçün tutulan komissiyalar ödəniləcək məbləğdən çıxıla bilər.

8.11. İcraçı üçüncü şəxslərin hesablarına və ya elektron pulqabılarına geri qaytarma həyata keçirmir (tərəflər arasında yazılı əlavə razılaşma olmadıqda).

8.12. Sifarişçinin vəsaitlərin geri qaytarılması barədə ərizəsinin təmin edilməsi halında, İcraçı 1 (bir) iş günü ərzində sifarişçinin kontentə girişini dayandırır və xidmətlərin göstərilməsini ləğv edir (geri qaytarma barədə qərarın verildiyi tarixdən hesablanmaqla).

9. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ

9.1. Tərəflər bu Müqavilədə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun olaraq məsuliyyət daşıyırlar.

9.2. Aşağıda göstərilən və İcraçıdan asılı olmayan hallarda xidmətlərin göstərilməsinin mümkünsüzlüyünə görə İcraçı məsuliyyət daşımır:

9.2.1. Sifarişçinin internet bağlantısının pozulması və ya ümumiyyətlə olmaması;

9.2.2. Sifarişçinin saytdan istifadə üçün zəruri texniki vasitələrə malik olmaması səbəbindən saytın lazımi səviyyədə işləməməsi;

9.2.3. Ödəniş əməliyyatlarının icrası zamanı gecikmələr və ya nasazlıqlar;

9.2.4. Telekommunikasiya, kompüter, elektrik və digər əlaqəli sistemlərdə yaranan hər hansı nasazlıqlar.

Yuxarıda qeyd edilən hallarda xidmətlər lazımi qaydada göstərilmiş hesab edilir və tam həcmdə ödənilməlidir.

9.3. İcraçı təqdim edilən xidmətlərin Sifarişçinin subyektiv gözləntilərinə və şəxsi qiymətləndirmələrinə uyğun olmaması ilə bağlı hər hansı məsuliyyət daşımır. Sifarişçinin İcraçının fikri, məhsulun (kursun) proqramı və ya vebinarla razılaşmaması, xidmətlərin keyfiyyəti və həcmi barədə şikayət üçün əsas hesab edilmir.

9.4. Bu Müqavilə çərçivəsində İcraçı tərəfindən təqdim olunan heç bir məlumat, material və/və ya məsləhət zəmanət kimi qəbul edilə bilməz. Sifarişçi, İcraçı tərəfindən təqdim olunan məlumatlar əsasında qəbul etdiyi qərarların nəticələrinə görə tam məsuliyyət daşıyır.

9.5. İcraçı Sifarişçinin əldə etdiyi məlumatların, materialların və/və ya məsləhətlərin istifadəsi nəticəsində yaranan hər hansı uğursuzluğa, gözlənilən nəticələrin əldə edilməməsinə və ya nəticələrin gözləntilərdən aşağı olmasına görə məsuliyyət daşımır. Sifarişçinin əldə etdiyi bilik və materialların tətbiqi zamanı əldə etdiyi nəticələr, Sifarişçinin məqsədyönlülüyü, zəhmətkeşliyi, intellektual səviyyəsi, yeni bilikləri necə mənimsəməsindən və fərdi keyfiyyətlərindən asılı olaraq dəyişə bilər.

9.6. İcraçı, kursdan və dərslərdən yanlış və/və ya məqsədyönlü olmayan istifadə nəticəsində Sifarişçinin nüfuzuna və ya maliyyə vəziyyətinə dəyə biləcək zərərlərə görə məsuliyyət daşımır. Xidmətlər çərçivəsində təqdim olunan materiallardan istifadəyə görə bütün risklər Sifarişçinin üzərinə düşür.

9.7. Bu Müqavilə üzrə İcraçının ümumi məsuliyyəti, istənilən iddia və ya tələblər üzrə, yalnız Sifarişçinin ödədiyi xidmətlərin dəyəri ilə məhdudlaşır və yalnız real zərərlə bağlı tələblər təmin edilə bilər. İtirilmiş mənfəət üzrə tələblər təmin edilmir.

9.8. İcraçının müəlliflik hüquqlarının pozulmasına görə müvafiq qanunvericiliyə uyğun olaraq cinayət və mülki məsuliyyət nəzərdə tutulur. Müəlliflik hüquqlarının pozulması halları İcraçı tərəfindən məhkəmə qaydasında təqib edilir.

9.9. İcraçı çatda iştirakçılar arasında baş verən müzakirələrə və ya çatlarda yazılan mesajların məzmununa görə heç bir məsuliyyət daşımır. Sifarişçi təsdiq edir ki, şəxsi məlumatlarını paylaşdıqları halda, açıq sessiyalar zamanı paylaşdığı məlumatlar açıq olacaq, digər iştirakçılar tərəfindən görüləcək, yadda saxlanılacaq və sonradan da əlçatan ola biləcəkdir. Sifarişçi bu məlumatların məxfiliyinə dair riskləri tam anlayaraq, məsuliyyəti dərk edərək şəxsi məlumatlarını paylaşır.

9.10. Sifarişçinin təqsiri nəticəsində üçüncü şəxslərin məhsulun və ya vebinarın materiallarına qanunsuz giriş əldə etdiyi müəyyən edildikdə, Sifarişçi İcraçının yazılı tələbini aldıqdan sonra 5000 AZN məbləğində cərimə ödəməyə borcludur. Bu cərimə məbləği İcraçının hüquq və qanuni mənafelərinə vurulan və ya vurula biləcək zərərin dərəcəsinə uyğun olaraq müəyyən edilmişdir. İcraçının cərimə tətbiqi barədə yazılı tələbini Sifarişçi könüllü, məhkəməyə qədərki qaydada və dərhal yerinə yetirməlidir. Əgər Sifarişçi bu tələbi yerinə yetirməzsə və ya ondan imtina edərsə, İcraçı pozulmuş hüququnun müdafiəsi məqsədilə məhkəməyə müraciət edə bilər və bu halda məhkəməyəqədərki tələblərin təmin edilməsi üçün əlavə tədbirlər görülməsinə ehtiyac yoxdur.

9.11. İcraçı Sifarişçinin günahını müəyyən etmək məqsədilə hüquq-mühafizə orqanlarına müraciət edərək Sifarişçinin (kompüterinin) IP ünvanını aydınlaşdırmaq hüququna malikdir.

9.12. Sifarişçi saytda onun Şəxsi kabinetində göstərilən məlumatların doğruluğuna görə müstəqil surətdə məsuliyyət daşıyır. Rekvizitlərin dəyişdirilərkən, Sifarişçi dərhal öz Şəxsi kabinetində müvafiq dəyişikliklər etməlidir. Əgər Sifarişçi Şəxsi kabinetindəki məlumatları müstəqil şəkildə dəyişdirə bilmirsə, Sifarişçinin tələbi ilə İcraçı tərəfindən müəyyən edilmiş formada sənədlərdəki dəyişiklikləri təsdiqləyən əlavə ilə bu dəyişikliklər barədə İcraçıya məlumat verməlidir.

9.13. Sifarişçi ödənişin həyata keçirilmə qaydası və üsulları, o cümlədən mətn mesajlarının (SMS) yazılış formatı, nömrəsi, durğu işarələrinin sırası, böyük və kiçik hərflərin, rəqəmlərin və dillə bağlı tələblərə dair ödəniş təlimatlarına əməl etməyi öhdəsinə götürür. İcraçı, Sifarişçinin ödənişi düzgün icra etməməsinə (İcraçının nəzarəti xaricində olan hallar) görə məsuliyyət daşımır.

9.14. İstənilən sənədlərin (o cümlədən hesab-fakturaların, mesajların, bildirişlərin) alınmasına görə məsuliyyət İstifadəçinin üzərinə düşür. İcraçı İstifadəçinin rabitə sistemlərindəki nasazlıq, provayderlərin, rabitə operatorlarının hərəkətləri/hərəkətsizliyi, İstifadəçinin Şəxsi kabinetinə giriş imkanını itirməsi və ya İcraçının səlahiyyətlərindən kənar digər hallar nəticəsində sənədləri almadığına və ya sənədlərin gecikməsinə görə məsuliyyət daşımır.

9.15. İcraçı ödəniş operatorlarının hərəkətlərinə görə, o cümlədən operatorların ödənişləri qəbul etməkdən imtina etməsi, ödənişin İcraçının xeyrinə köçürülməsində gecikmə və digər oxşar hallara görə məsuliyyət daşımır.

10. ƏQLİ MÜLKİYYƏT HÜQUQLARI

10.1. Saytda yerləşdirilmiş və Sifarişçiyə təqdim edilən bütün kontent və materiallar üzərində müstəsna hüquqlar tam şəkildə İcraçıya məxsusdur və əqli mülkiyyət hüququnun obyektləri kimi qorunur. Bu obyektlərə, o cümlədən mətnlər, təsvirlər, rəsmlər, fotolar, qrafiklər, videolar, proqram təminatı, səslər, istifadəçi interfeysləri, loqotiplər, ticarət nişanları, kompüter kodları və digər oxşar elementlər daxildir. Bu obyektlər saytın və məhsulların (kursların) məzmununu təşkil edir və/və ya saytda yerləşdirilib.

10.2. Sifarişçi saytdan istifadə etməklə qəbul edir və razılaşır ki, İcraçının kontenti və materialları, o cümlədən saytın ümumi məzmunu və strukturunun hamısı müəlliflik hüququ, ticarət nişanı hüququ və digər əqli mülkiyyət hüquqları ilə qorunur. Bu hüquqlar mövcud olan və gələcəkdə yaradıla biləcək bütün formalar, daşıyıcılar və texnologiyalar üçün qüvvədədir və qorunur. Bu Müqavilənin bağlanması nəticəsində saytın və onun məzmununun (o cümlədən audiovizual əsərlər, mətnlər, qrafik materiallar, kompüter proqramları, ticarət nişanları) hər hansı hissəsinə dair hər hansı hüquq Sifarişçiyə keçmir.

10.3. E-poçt göndərişləri çərçivəsində alınan məktubların mətnləri, ticarət nişanları, loqotiplər, kommersiya adları, fərdiləşdirmənin digər üsulları, habelə saytda yerləşdirilən istənilən mətnlər, təsvirlər və digər müəlliflik hüququ obyektləri İcraçıya məxsusdur. Bu obyektlərdən hər hansı istifadə yalnız İcraçının əvvəlcədən yazılı icazəsi ilə mümkündür.

10.4. İcraçının yazılı icazəsi olmadan aşağıdakı hərəkətlər qəti qadağandır:

10.4.1. Saytda yerləşdirilmiş materialların dəyişdirilməsi, kopyalanması, yayılması, yenidən dərc edilməsi və ya törəmə əsərlərin yaradılması;

10.4.2. Saytda yerləşdirilmiş kontentin ötürülməsi, satışı və ya kommersiya məqsədilə istifadəsi.

10.5. Bu bölmənin şərtləri pozulduğu halda, İcraçı, pozuntu faktının aşkar edildiyi andan etibarən Sifarişçiyə yazılı tələb göndərmək hüququna malikdir. Bu tələbə əsasən, Sifarişçi 10000 AZN məbləğində cərimə ödəməlidir. Bu məbləğ, İcraçının intellektual mülkiyyət hüquqlarının pozulması nəticəsində dəyən zərərin kompensasiyası kimi müəyyən edilir.

10.6. İcraçının cərimə barədə tələbi Sifarişçi tərəfindən könüllü olaraq, məhkəməyə qədərki qaydada və dərhal təmin olunmalıdır. Əgər Sifarişçi bu tələbi yerinə yetirməzsə və ya ondan imtina edərsə, İcraçı dərhal məhkəməyə müraciət edərək pozulmuş hüququnun müdafiəsini tələb edə bilər və bu zaman məhkəməyəqədərki tələblərin təmin edilməsi üçün əlavə tədbirlərin görülməsinə ehtiyac yoxdur.

11. MÜQAVİLƏNİN MÜDDƏTİ

11.1. Bu Müqavilə, Sifarişçinin təklifi qəbul etdiyi andan qüvvəyə minir və Sifarişçinin seçdiyi və ödənişini etdiyi tarif üzrə İcraçı tərəfindən xidmətlərin təqdim edildiyi müddətin sonunadək etibarlıdır.

11.2. Əgər məhkəmə tərəfindən bu Müqavilənin hər hansı müddəası etibarsız sayılarsa, bu hal, Müqavilənin digər müddəalarının etibarsızlığına səbəb olmur və qalan müddəalar qüvvədə qalır.

11.3. Tərəflər arasında razılıq əldə edilmədiyi halda, mübahisə İcraçının yerləşdiyi ünvandakı müvafiq məhkəməyə (rayon (şəhər) məhkəməsinə) təqdim edilir.

11.4. Mübahisələrin məhkəmədən əvvəl həlli qaydası Tərəflər üçün məcburidir:

11.4.1. İddia məktubuna 10 (on) iş günü ərzində baxılır və bu müddət məktubun alıcıya çatdırıldığı gündən hesablanır;

11.4.2. İddia İcraçının elektron poçt ünvanına (asyarovshen5@gmail.com) göndərilə bilər.

12. MÜQAVİLƏYƏ XİTAM VERİLMƏSİ

12.1. İcraçı 5.4-cü bənddə (Qeyd) göstərilən hallarda Müqavilənin icrasından istənilən vaxt imtina etmək hüququna malikdir. Bu halda:

12.1.1. Məhsulun dəyərinin Sifarişçiyə qaytarılması həyata keçirilmir və həmin məbləğ İcraçı tərəfindən Müqavilənin şərtlərinin lazımi qaydada icra edilməməsinə görə tətbiq olunan cərimə kimi saxlanılır;

12.1.2. Müqavilə İcraçının Sifarişçiyə elektron poçt vasitəsilə göndərdiyi bildiriş və məhsulun materiallarına girişin bağlandığı andan etibarən ləğv edilmiş hesab olunur.

12.2. Sifarişçi tərəfindən Müqavilənin ləğv edilməsi halında:

12.2.1. Bu Müqavilə üzrə hesablaşmalar Tərəflər arasında 8-ci bölmədə göstərilən qaydada həyata keçirilir;

12.2.2. Müqavilə Sifarişçinin ləğv barədə bildirişinin İcraçı tərəfindən alındığı andan ləğv edilmiş hesab olunur.

13. İCRAÇININ REKVİZİTLƏRİ:

ASYA ROVSHEN Academy MİZİTLƏRİ:sinə)ı məhkəməyəyi

Ünvan: AZ1022, BAKU CITY NASIMI DISTRICT, A.SALAMZADA, house 110B, m. 191

Telefon: +994 556633009

E-poçt: asyarustamli@gmail.com

Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN): 1407072661

Qeydiyyatdadır: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti

Direktor: Asya Rüstəmli